2018-ci ildə aparılmış dövlət satınalmaları ilə bağlı araşdırma aparılır

14:26 13-09-2019 5

“Dövlət satınalmaları ilə bağlı Hesablama Palatası həm Nazirlər Kabinetinə, həm də bu sahədə dövlət siyasətini həyata keçirən orqana çoxsaylı təkliflər verib”.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədovun sözlərinə görə, hazırda 2018-ci ilin bütün dövlət satınalmaları ilə bağlı araşdırma aparılır: “Yəni, bu, tək ayrı-ayrı təşkilatları əhatə etmir, bütün ölkə üzrə aparılır. Bu araşdırma hələ tam başa çatmayıb”.

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, 2018-ci ilin dövlət büdcəsi ilə bağlı parlamentdə hesabatda da dövlət satınalmaları ilə bağlı məsələyə toxunub: “Dövlət satınalmalarında şəffaflığın artırılması, kiçik və orta sahibkarların bu prosesə cəlb olunması istiqamətində iş aparılır. Dövlət vəsaiti kiçik və orta sahibkarlar üçün əlçatan olmalıdır. Dövlət satınalmalarını həyata keçirən orqan tərəfindən də elektron informasiya sistemləri vasitəsi ilə hesabatlılıqla bağlı müəyyən işlər görülür. Biz bununla bağlı qiymətləndirməni il başa çatdıqdan sonra verəcəyik. Əsas diqqət satınalmalarda şəffaflıq və rəqabətin artırılması ilə bağlıdır. Rəqabət və şəffaflıq vasitələrin sayının çoxaldılması, bir mənbədən satınalmaların sayının azaldılmasından başlayır. 2019-cu ilin birinci yarısı ilə bağlı Hesablama Palatası fəaliyyət hesabatında da bunu qeyd etmişdi. 2019-cu ilin 6 ayında 2018-ci ilin 6 ayı ilə müqayisədə bir mənbədən satınalama metodunun sayında azalma var”.

V. Gülməmmədov bir mənbədən satınalmalara limit qoyulması yolu ilə bu sahədəki problemin həlini mümkün saymadıqlarını söyləyib: “Bir mənbədən satınalmalara limit qoymaqla bu problemi həll etmək mümkün deyil. Hesablama Palatasının bu məsələ ilə bağlı bir sıra təklifləri hazırlanır”.