Mehriban Əliyeva istirahət parkında

16:51 13-09-2019 40

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.

Xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkda yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası hamıya bəlli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.

Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə əhalinin istirahəti üçün lazımi şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, sahə dekorativ hasara alınıb, işıq dirəkləri, oturacaqlar, uşaqlar üçün oyun meydançası quraşdırılıb, “Zeytun” kafesi inşa edilib.