Zeytunburnu faciəsi Bakıda yaşana bilər

18:08 13-09-2019 100

Faciələrə aparan korrupsiyanı kim durduracaq?

Bu gün saytların informasiya bloklarını zənginləşdirən xəbərlərdən bir diqqətimi çəkdi. Sıradan bir oxucu bu xədəri oxuyub, sadəcə hal-hazırkı zərərçəkən qurbanların halına acıyır və yüngül təəssüf hissi ilə növbəti xəbərə keçir. Amma düşünən yoxdur ki, bu xalqımızı, cəmiyyətimizi qarşıdakı illərdə gözləyən faciələrdən xəbər verən xəbərdaredici bir hadisədir. Həmin xəbər aşağıdakından ibarətdir:

 - Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb. Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Belə baxanda işin mahiyyətinə varmayan, biganə oxucu üçün bu sadə bir xəbərdi, hətta, bir çoxları üçün olduqca əhəmiyyətsizdir. Lakin bu hadisə onun göstəricisidir ki, Hacıbala müəllim demişkən, «bizim sevimli Bakımızda « son illər həyata keçirilən tikinti işləri çox keyfiyyətsiz, qeyri-peşəkar və başdansovdu aparılır. Bunun başlıca səbəbi ölkə iqtisadiyyatını gürzə kimi ağuşuna alan korrupsiyadır. Bu gün hamı yalnız hökumət orqanlarında baş verən korrupsiyadan danışır, onu tənqid edir - bəli, bu çox vacibdir, həm də özəl sektorda çiçəklənən korrupsiyanın hərəkətverici qüvvəsidir. Lakin özəl sektor bazar, realizasiya təyinatı üzrə işlədiyindən biz bir cəmiyyət olaraq öz seçimimizlə prosesə təsir edə bilərik. Bu gün əzəmətli göydələnlərin hansı keyfiyyətlə tikildiyi ciddi şübhələr doğurur. Hətta, 2006-cı ilin avqust ayında Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 185 ünvanında yerləşən çoxmərtəbəli bina istifadəyə verilmədən çökdü. Təsərrüfat fəaliyyəti ilə tanış olduğum bir sıra mənzil tikinti kooperativlərinin (MTK) "qara" və rəsmi mühasibətləri arasındakı fərqin şahidi olan hər kəs dəhşətə gələr. Ölkə iqtisadiyyatının bütün sektorlarında pilləvari korrupsiya ierarxiyası höküm sürür. Hər bir pillə görüləcək işə ayrılan vəsaitdən öz payını götürür. Pillələri aşağı endikcə vəsait azalır, amma buna baxmayaraq, sonda işi icra edən fəhləyə qədər hamı öz "şişliyini" götürür. Ən az paya malik olan fəhlə semet, kafel, kərpic və s. tikinti materiallarını ucuz qiymətə sataraq öz payını alır. Bəzən isə iş icraçıları maaş əvəzinə fəhlələrə tikintidə işlədilən materialları təklif edirlər. Beləcə, bu gün şəninə təriflər söylənilən Bakını bəzəyən əzəmətli göydələnlər onun tikintisinə ayrılan smeta dəyərinin ən yaxşı halda 60-70 faizi hesabına tikilib başa gəlir. Bu da binanın keyfiyyətinin 30-40 faiz aşağı düşməsinə və layihə-smeta sənədlərindəki göstərcilərə, ən başlıcası isə zəlzələlərə davamlılıq qabiliyətinə uyğun gəlmir. Bakı şəhərində hündürmərtəbəli binalar smeta sənədlərinə görə Rixter cədvəli ilə 9-10 ballıq zəlzələyə davamlı layihələndirilir. Lakin həmin binalar üçün ayrılan vəsaitlərin 30-40 faizi korrupsiyaya yem olursa, deməli elə bu qədər də binaların tikinti keyfiyyəti aşağı düşür. Mexaniki hesablama aparsaq, belə çıxır ki, ən yaxşı halda son 20 ildə tikilən göydələnlər layihədə göstəriləndən 3-4 bal aşağı olan zəlzələlələrə davam gətirə bilər. Yəni həmin binalar maksimum 6 bal gücünə davamlı ola bilər.

Bu gün binada şüşə layının qoparaq vətəndaşlara xəsarət yetirməsi də, məhz həmin korrupsiyanın nəticəsidir - yapışqandan, mıx-mismardan oğurlayıblar. Sabah isə  Allah eləməmiş Bakıda 2000-ci ildəki kimi 7 bal gücündə zəlzələ baş versə, itkilərimiz daha çox ola bilər.

Xatırladım ki, 2000-ci ildə Bakı şəhərində 6.8 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı. Həmin zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlər birbaşa uçqunlar altında qalmayıblar, hiss-həyacan və ev əşyalarının uçması nəticəsində alınan xəsarətlərdən dolayı həyatlarını itiriblər. Bu gün heç nə bizi sığortalamır ki, o hadisə təkrarlanmayacaq və ya Abşeron yarmadasında ondan da güclü yeraltı təkanlar olmayacaq. Əksinə, ərazidə karbohidrogen ehtiyatlarının çoxluğu, palçıq vulkanların vaxtaşırı aktivliyi və dağəmələgəlmə prosesinin davam etməsi göstərir ki, yarmada sesimoloji-aktiv coğrafi məkan sayılır.

Problemin önlənməsi üçün perspektiv hədəf olaraq, ən azı tikinti sektorunda korrupsiya aradan qaldırılmalı, tikinti şirkətləri qarşısında sərt keyfiyyət tələbləri qoyulmalı və son 20 ildə tikilən binalar əsaslı müayənədən keçrilməli - onların zəlzələyə davamlılığı dəqiq müəyyənləşirilməlidir. Standartlara cavab verməyən binalar boşaldılaraq sökülməlidir.

Qeyd edim ki, qardaş Türkiyədə 1999-cu (İzmir) və 2011-ci ildə (İstambul) baş verən zəlzələlərdə tikintinin keyfiyyətsizliyi üzündən yüzlərlə bina dağılıb, 20 mindən artıq insan tələfatı olub. O zaman Zeytunburnu adlanan vilayətdən yayılan bir şəkildən görünürdü ki, eyni layihə ilə müxtəlif şirkətlər tərəfindən tikilən iki binadan biri öz əzəməti ilə yerində durur, digəri isə zəlzələ nəticəsində yerlə-yeksan olub. Cəmiyyət, dövlət və hökumət olaraq bu cür faciələri yaşamaq istəmiriksə, vaxt varikən problemləri həll etməliyik.

Akif Nəsirli