Böyük “Atatürk” hazırdır, kiçik “Ayna” daşa dirənib

13:40 02-10-2019 35

 

Bu ilin may ayından təmirinə start verilən və 6.5 ha sahəsi olan Atatürk parkının dünən Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Son dərəcə geniş quruculuq, abadlıq işləri aparılan parkın landşaft dizaynı yenilənib və xüsusi yaşıllıq sahəsi salınıb. Parkda konsert meydançası, böyük attraksionlar və trenajor qurğuları quraşdırılıb.

Lakin sözügedən parkın yaxınlığında yerləşən Ayna Sultanova parkındakı 2015-ci ildə Binəqədi rayonun sabiq icra başçısı Xaləddin İsgəndərovun başlatdığı, xələfi Elxan Allahverdiyevin davam etdirdiyi təmir işləri hələ də yekunlaşmayıb.

Bəs görəsən, 6,5 hektar sahəsi olan və cəmi 4 aya yüksək səviyyədə təmir edilən Atatürk parkının qonşuluğunda cəmi 1.6 hektar sahəsi olan Ayna Sultanova parkında 5 ilə yaxın davam edən təmir işləri niyə yekunlaşmır? İH-dən verilən son açıqlamada avqust ayında istifadəyə veriləcəyi bildirilən park niyə açılmadı və təmir hansı səbəbdən daşa dirənib?

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən Axar.az-a bu dəfə də bildirilib ki, parkdakı təmir işləri il sonuna qədər yekunlaşacaq:

“Parkdakı təmir işlərinin avqust ayında yekunlaşması gözlənilirdi, lakin işlər bir az uzandığı üçün parkın yaxın bir neçə ay ərzində açılışı planlaşdırılır. Hazırda orada işlər sürətlə və mütəmadi olaraq davam etdirilir. İşlər yekunlaşan kimi media nümayəndələrinin iştirakı ilə parkın açılışı həyata keçiriləcək”.

Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılan təmir işləri səbəbindən sözügedən park 2015-ci ildən bağlanıb. Sabiq icra başçısı X.İsgəndərov az sonra işləri yarımçıq saxlasa da, 2018-ci ildə başçı təyin edilən Elxan Allahverdiyev təmir işlərini bərpa edib.