ƏSHABİ-KƏHF

19:15 02-10-2019 235

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru

"Əshabi-kəhf Mehdi Sahibzamanın köməkçisi olacaq və həz.İsa onların zamanında zühur edəcək"

Quranın Kəhf surəsindəki Əshabi-kəhf hekayəsini oxuyarkən aydın olur ki, hadisənin dəqiq vaxtı və hansı ölkədə baş verdiyi göstərilməyib. Məsələyə Quran hikməti kontekstindən baxılarsa, əslində buna heç ehtiyac da yoxdur.

Önəmli olan, Quran oxucularının diqqətinə çəkilən qayə, sağlam fitratları ilə Allaha iman gətirib, hidayəti seçən və bu yolda təbliğlərini yayan bir qrup gəncin yaşadığı cəmiyyətin zülm və təzyiqi nəticəsində əqidələrini itirməmək üçün Allaha təvəkkül edib, bir mağaraya sığınmalarıdır. Olayın ikinci önəmli cəhəti, Allah yolunda dözülməz sıxıntılara qatlanan həmin gənclərin Allah tərəfindən qorunması və sonradan diridilməsidir.

Quran "insanları ən doğru və ədalətli yola sövq etmək" (İsra, 9) və "yer üzündə ədaləti bərqərar etmək üçün" (Hədid, 25) müxtəlif metod, hekayə və üslublardan istifadə edir. Onlardan biri də insan olmayan varlıqların hadisələrdəki iştirakıdır. Məsələn, Quranda İsrail oğullarının kəsdiyi inək, Süleyman (ə)-nin "Hüd-hud"i, həz. İsmailin qurbanlıq qoçu və başqa heyvanlarla yanaşı, əshabi-kəhflə mağarada qalan itin də adı çəkilir. Təbir caizsə, onlar Quranda təsbit olunan müsbət qeyri-bəşər qəhrəmanlardır.

ƏSHABİ-KƏHF QURANDA

"(Ya Məhəmməd!) Yoxsa əshabi-kəhf və Raqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!"- demişdilər. Biz onları mağarada illərlə yuxuya verdik.

Sonra iki tayfadan (mömin və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Onlar (Roma imperatorunun hüzurunda) durub: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, desək küfr) danışmaqda həddi aşmış, ifrata varmış olarıq!"- dedikləri zaman onların ürəklərinə qüvvət, mətanət vermişdik."

(Gənclərdən biri demişdi):"Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin. (Əgər belə etsəniz) Allah sizə böyük mərhəmət bəxş edər və işinizi asanlaşdırar. (Ya Məhəmməd! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib, sol tərəfə yönəldiyini (mağaranın içində normal hərarət olduğunu), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (hava axınının onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir.

(Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini mağaranın astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, dəhşət səni bürüyərdi və (qorxudan) dönüb qaçardın.

(Gəncləri illərlə yatırdığımız kimi) beləcə də onları, bir-birindən hal-əhval tutsunlar deyə oyatdıq. Onlardan biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən də az!"- deyə cavab verdilər. Onlardan bəzisi isə belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi birinizi bir gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa,ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər, nişan verməsin! Doğrusu, onlar sizi ələ keçirsələr, ya sizi daş-qalaq edəcək, ya da dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (həm dünyada, həm də axirətdə) nicat tapa bilməzsiniz!".

"İnsanları onların halı ilə beləcə tanış etdik ki, Allahın (öləndən sonra insanları dirildəcəyi barədə) vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər... (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər:"Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!"

Əshabi-kəhf haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: "Onların (məzarı) üstündə yalnız (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" dedilər. (Kitab əhlindən əshabi-kəhfin sayı barədə mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: "Onlar üçdür, dördüncüsü köpəkləridir!"-deyəcəklər. Bəziləri: "Onlar beşdir, altıncısı köpəkləridir!"-deyəcəklər. Digərləri isə: "Onlar yeddidir, səkkizincisi köpəklərdir!"-söyləyəcəklər. (Ya Məhəmməd!) De ki: "Onların sayını Rəbbim daha yaxşı bilir... Onlar mağarada üç yüz doqquz il qaldılar" (Kəhf 9-26).

Əshabi-kəhfdə iman əsasları və digər məsələlər

Qeyd edildiyi kimi, "Əshabi-kəhf"də ana süjet təvhid inancıdır. Məhz bu inanc vasitəsilə imanlı gənclər Onu təfəkkür, Ona təvəkkül və Ona təslim yolunu seçib mağaraya "pənah" aparırlar. Quran bu hekayə vasitəsilə ölüb-dirilməni qiyamətə saxlamayıb, onu elə bu dünyada - 309 ildən sonra reallaşdırır. Reallaşdırır ki, insanların həşrə, axirətə, Cənnət və Cəhənnəmə inamını gücləndirsin. 309 il ərzində mağarada mütləq optimal temperatur şəraiti, gənclərin bədənləri çürüməsin deyə, mütəmadi olaraq sağa-sola çevrilməsi, ideal ventilyasiya sistemi və digər möcüzələr Rəbbin nəyə qadir olduğunun yalnız cüzi bir nümunəsidir.

Ayədə zikr olunan Raqim ismi Z.Bünyadova görə, "yuxuya gedənlərin yatdığı mağaranın, yaxud onların yaşadığı şəhərin və ya itlərinin adıdır. Bir rəvayətə görə də, yuxuda olanların adlarının yazıldığı lövhənin adıdır". Məşhur şərqşünas, repressiya qurbanı akademik A.Krımski (O, həm də azərbaycanşünas olub. Belə ki, "Nizami və müasirləri" monoqrafiyası, "Şimali, yaxud Qafqaz Azərbaycanı"- klassik Albaniya, Şəki oçerki və s. əsərlər onun qələminə məxsusdur) mağaranın Kiçik Asiyanın Qərbində yerləşən qədim Efes şəhərində (b.e.ə. XII əsrdə yunanlar tərəfindən əsası qoyulan yaşayış məntəqəsi, indiki Türkiyə ərazisi-V.C.) olduğunu iddia edib. (Bax: Krımski: "Yatmış yeddi efesli gənc", rusca, M,1914). İslam mənbələrinə görə isə, Əshabi-kəhf hicrət edib Əfsusdakı (və ya Tərsusdakı) mağarada gizlənən yeddi cavanla yolda onlara qoşulan Kitmir adlı itdən ibarətdir.

Ayəni təfsir edən Haqqı Bursəvi (v.e.1725), hətta gənclərin adlarını belə sadalayıb. Ona görə "hekayədəki gənclərin sayı 7-dir və onların adları: Yəmlihə, Məksəlinə, Mislinə, Mərnuş, Dəbəqnuş, Şazənuş, Kəfəştatayyuşdur".

Əksər tədqiqatçılar o fikirdədir ki, hadisə Sezar (qeysər) Qay Averliy Diokletian Avqustun imperatorluğu dövründə (284-305) baş verib. Roma imperatoru olan Diokletian İslam məxəzlərində və Quran təfsirlərində bütpərəst Dəqyənus kimi hallanır.

Gənclərin qeysərin hüzurunda qorxmadan Rəbbi həmd etmələri, Rəbbləri tərəfindən "onların ürəklərinə qüvvət, mətanətin verilməsi!" də, onların bütpərəst qeysərin qəzəbindən xilas olması da, yalnız Onun qüdrət və iradəsilə baş verib. Yeri gəlmişkən, imperator Dialektianla əlaqəli olayı tarix çox ibrətamiz tərzdə qeyd edir. İlkin xristianlığa qarşı kütləvi qırğın siyasətini felən yerinə yetirən imperator, çox ehtimal ki, məhz bu hadisədən sonra tarixdə görünməyən bir qərar qəbul edib, könüllü surətdə imperatorluqdan imtina edib (!). Əlbəttə, onun tacdan əl çəkib, ömrünün qalan 8 ilini doğma kəndində keçirməsi də, ilahi bir təqdirin bariz nümunəsidir.

Əshabi-kəhf bəzi məxəzlərdə

Əshabi-kəhflə bağlı olay haqqında Z.Bünyadovdan başqa, digər tədqiqatçıların da önəmli qeydləri var. Belə ki, özbək mütəfəkkiri Ziyəddin Nəxşəbinin (v.e.1350) "Tutinamə"sindəki açıqlamaların müəllifi prof. M.Sultanov yazır: "İslamdan əvvəl ilkin xristianlıq dövründə Dəqyənus hökmdarı zamanında bütpərəstlərin zülmündən cana gələn yeddi nəfər xaçpərəst (İsavi) ölkədən çıxıb, guya Naxçıvan şəhərinin (?!-V.C.) yaxınlığında olan bir mağaraya pənah aparır. Bunların hamısı bir yerdə "Əshabi-kəhf" (mağara əhli) adlanır... Onlar bu mağarada 300 il (309 il V.C.) yatırlar. Sonra ayılıb, bazardan bir şey almaq istəyəndə, verdikləri pulun 300 il əvəl Dəqyənus vaxtı basıldığını eşidib heyran qalırlar. Sonradan bu hadisə xalq arasında zərbül-məsəl kimi işlənir. Bir şeyin qədim olduğunu nəzərə çatdırmaq üçün "Dəqyənus vaxtından qalıb" deyərlər".

Məlumdur ki, məhəbbət rizaya (Allahdan gələn hər şeyi qəbul etməyə), riza da məhəbbətə bağlıdır. Rizasız məhəbbət, məhəbbətsiz də riza olmaz. Çünki insan ancaq sevdiyinə razı olur və razı olduğunu sevir. Əlbəttə, bu ilahi postulat insanlar üçündür. Lakin bu heç də o demək deyil ki, heyvanlar ilahi məhəbbətdən məhrumdurlar. Əksinə, heyvanlar və onların biri olan itlər də, Allah sevgisi olmadan yaşaya bilməzlər.

Gənclərin iradəsinin əksinə olaraq, onlarla mağarada qalan və imanlı gəncləri qorumaq məqsədilə mağaranın astanasında pəncələri üstündə yuxuya daldırılan həmin o iti də - şəri qanunlara görə, murdar hökmündə olan o heyvanı da mağaraya gətirən Allah sevgisi idi. Yoxsa it, öz it həyatından bezib mağaraya gəlməmişdi.

Əshabi-kəhfdə itin təsadüfi bir varlıq olmadığını xüsusi vurğulayan Z.Nəxşəbi yazır: "İt də gənclərlə idi. Əshabi-kəhfin ardınca düşüb getdiyi zaman onlar həmin itə mane olur, onu öz dəstələrindən qovub, geriyə qaytarmaq istəyirdilər. Öz inadında davam edən it isə onlara belə sual verdi: "Siz niyə məni özünüzə yaxın qoymursunuz, dəstənizdən uzağa qovursunuz?". Cavanlar ona dedilər: "Ona görə ki, sən bizim cinsdən deyilsən".

İt dedi: "Bilin ki, məhəbbət məzhəbində, sədaqət dinində çins əsas şərt deyil. Əgər siz cinsi (növü) əsas şərt hesab edirsinizsə, siz də bu yoldan qayıtmalısınız. Çünki o kəsin (Məbudun) ki, məhəbbətinə görə yola çıxmısınız, o da sizin cinsinizdən deyil (yəni sizin pənah apardığınız, imdad dilədiyiniz o Varlıq da sizin növünüzdən deyil)!" (bax: Tutinamə, B.,1991). Qeyd edək ki, müəllifin it vasitəsilə dediyi bu obrazlı ifadə, İxləs surəsinin özü və mayasıdır: "Allah birdir, Allah heç kəsə, heç nəyə möhtac deyil. Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur... (Onun həmcinsi də yoxdur). O, əzəli və əbədidir".

Beləliklə, Quranın özü kimi, Quranda zikr olunan Əshabi-kəhf hadisəsi də Rəbbin sonsuz möcüzələrindən biridir. Bu möcüzələrdə ilahi məqsəd imanlı bəndənin imanını artırmaq, kafirin isə küfrünü yox etməkdir. Həmin səbəbdən Peyğəmbər (ə) buyurub: "Əshabi-kəhf, Mehdi Sahibzamanın köməkçisi olacaq və həz.İsa onların zamanında zühur edəcək".