Təhsildə məktəbəqədər tərbiyə mühüm mərhələdir

22:11 04-10-2019 60

Züleyxa Ələkbərqızı

Beyinin düzgün inkişafı şəraitində uşağın potensial dərketmə qabiliyyətləri artır

Hər kəsə yaxşı məlumdur ki, məktəbəqədər tərbiyə körpə uşaqların inkişafında  mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin hüceyrələrinin artması və onlar arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da nəticəsində uşağın düşünmə, qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri dəyişikliklər baş verir. Beyinin düzgün inkişafı şəraitində potensial dərketmə qabiliyyətləri artır. Əslində, beyin o vaxt düzgün inkişaf edir ki, uşaq müsbət (özünü sevilən hiss edir) psixoloji və  stimullaşdırıcı (uşağın ətrafında olan böyüklər: ana, tərbiyəçi və s.) mühitdə böyüyür.

Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulan təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər təhsil uşaqların fiziki, psixoloji, idrakı və sosial inkişafında, potensial  imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Məktəbəqədərki yaş dövrü uşağın fəal sosiallaşması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması mərhələsidir və qrup şəraitində böyüklər və yaşıdları ilə hərətərəfli ünsiyyət qurmaq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir. 

Məktəbəqədər tərbiyə müəssisəsi də öz növbəsində uşağın ətraf aləmlə qarşılıqlı harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmağa qadirdir. Bunların da əsası məktəbəqədər müəssisələrdə qoyulur. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür elementləri formalaşır, ətraf aləmin hadisələri, sadə qanunları və qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri müəyyən olunur.

Məktəbəqədər tərbiyənin uşaqların həyatında mühüm əhəmiyyətini nəzərə alan Azərbaycan dövləti məktəbəqədər tərbiyə müəssisələrinin, xüsusən yeni bağçaların tikilib istifadəyə verilməsinə diqqəti artırıb. Hazırda ölkənin bütün yaşayış məskənlərində məktəblərlə yanaşı, bağçaların tikilməsinə və bütün avadanlıqlarla təchiz edilməsinə başlanılıb.

Ölkə prezidentinin müvafiq sərəncam və göstərişlərinə uyğun olaraq ölkəmizdə yeni istifadəyə verilən məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasını və ixtisaslı kadrlarla təmin olunmasını həll etmək Təhsil Nazirliyinə və icra hakimiyyətinə tapşırılıb.