Xidmət sahəsində müasir çağırışlar

22:13 04-10-2019 55

Akif Nəsirli
[email protected]

Kommunal xidmət sahələri büdcə pulları hesabına yaşayır

Azərbaycanda əhaliyə göstərilən kommunal xidmətlərin çox böyük problemləri var və bu barədə kifayət qədər deyilib, yazılıb. Bunlara baxmayaraq, hələ də Azərbaycan vətəndaşları onlara göstərilən keyfiyyətsiz kommunal xidmətlər üzündən əziyyət çəkir.

Birincisi, ölkə üzrə kommunal xidmətlərin böyük əksəriyyəti ölkə əhalisinin hamısını əhatə etmir. Yalnız böyük şəhərlərdə və bir çox rayon mərkəzlərində qaz, işıq, su və kanalizasiya xidmətləri komplekt şəkildə çalışır. Ölkənin qalan ərazilərinin əksəriyyəti qaz və işıq xidmətləri ilə təchiz edilsə də, su və kanalizasiya xidmətləri yoxdur. Bu xidmətləri əhali fərdi təşəbbüslərlə reallaşdıra bilir. Kənddə sovetlər dönəmindən qalma artezian quyuları, təbii çeşmələr varsa, əhalinin su təminatı bu imkanlar hesabına təmin edilir.

Əgər bu imkanlar yoxdursa, əhali suya olan tələbatını su satan maşınlardan pulla almaqla ödəyir. Elə rayonlar var ki, onlarla kəndində su yoxdur, o üzdən də əhalinin içməli su ilə təminatında ciddi problemlər var. Hazırda ölkənin bu problemləri ilə məşğul olan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin isə heç bu rayonların kəndlərinə su çəkmək planları belə, yoxdur. Çünki bu dövlət qurumu heç Bakı və bakıətrafı kəndlərin su təminatının öhdəsindən yetərincə gələ bilmir. Təsəvvür edin ki, Mərdəkan boyda qəsəbənin içməli su kəməri yoxdur.

Bu cür anormal problemlər ona görə ortaya çıxır ki, ölkədə alternativ su təchizatı ilə məşğul olan şirkət yoxdur. Ona görə ki, qanunvericilik buna imkan vermir. Bəlkə də bir şirkət hər hansı bir bölgəni su ilə təmin etməklə, həm özü qazanar, həm də əhalinin suya xərclədiyi vəsaiti dəfələrlə azalda bilər. Kəndlərdə 10 ton suya əhali 20-30 manat arası vəsait ödəməli olursa, su-təchizat şirkəti indiki tariflərlə bu qədər suyu əhaliyə cəmi 5 manata satacaq. Bəlkə də suyu bundan da ucuz qiymətə çatdıran şirkətlər də peyda olacaq. Əgər hüquqi baza yaradılarsa, həm ölkənin bütün ərazilərində yaşayan əhali içməli su ilə təmin edilər, həm də bir rəqabət mühiti yaranar ki, bu da qiymətlərin enməsinə və keyfiyyətin yüksəlməsinə səbəb ola bilər.

O ki qaldı kanalizasiya məsələsinə, bu problem də su təchizatı ilə bərabər öz həllini tapacaq. Bu gün dünya əhalisinin su və kanalizasiya sistemi ilə tam təmin edilən hissəsində infeksion və başqa xəstəliklər digər hissəyə nisbətən daha az yayılıb. Deməli, əhalinin su və kanalizasiya sistemi ilə təmin edilməsi, həm də xəstəliklərin azalmasına səbəb olacaq ki, bu da əhalinin xərclərini xeyli azalda bilər.

Ölkənin əksər ərazilərini əhatə edən xidmətlər - qaz və işıqla təminat da ciddi problemlərlə həyata keçirilir. Məsələn, biz hər gün mətbuatdan oxuyuruq ki, bu gün filan rayonlarda qaz və ya işıq olmayacaq. Özü də bu elanlar, yalnız Bakı şəhərinin rayonlarına aid olur, digər rayonlarda qaz və elektrik enerjisinin verilişlərində yaranan fasilələr zamanı, heç elan verməyə də lüzum görmürlər. Artıq əhali buna vərdiş edib, heç kim kommunal xidmətlərə güvənmir. Məsələn, Bakı şəhərində belə, mənzillərin 90 faizində su çənləri var. Rayonlarda, hətta, fərdi alternativ işıqlandırma sistemləri mövcuddur.

Lakin dünyanın inkişaf etmiş ölkələrində - Avropada və post-sovet məkanının Avropaya inteqrasiya etmiş hissəsində bu məsələlər artıq çoxdan öz həllini tapıb. Əvvala bu problem qanunvericilik səviyyəsində həllini tapmalıdır. Kommunal xidmətlərin göstərilməsinin ciddi hüquqi bazası yaradılmalı, təchizatçı və abonentin məsuliyyəti dəqiqləşqdirilməli, buna əsasən tərəflər arasında nümunəvi müqavilə forması yaradılmalıdır.

Hətta, istehlakçıya fərdi yanaşma imkanları da bu müqavilədə öz əksini tapmalıdır. Xidmətin göstərilməsində tərəflərin öhdəliyi olmalıdır ki, bu öhdəlik yerinə yetirilmədikdə qarşı tərəfə kompensasiya ödənilməlidir. Daha təchizatçı bir gün əvvəl qaz, işıq və ya suyun olmayacağı barədə elan verməklə canını qurtarmamalıdır, ya yaranan fasilələrə görə istehlakçıya yetərli kompensasiya ödənilməli, ya da fasilələr istehlakçı ilə razılaşdırılmalıdır.

Təchizatçı istehsalçını xidmətdə yarana biləcək fasilələrin əsaslı olduğuna inandıraraq buna razı salmalıdır. İnkişaf etmiş ölkələrdə çox nadir hallarda təmir-bərpa işləri zamanı yuxarıda qeyd etdiyimiz xidmətlərdə fasilə yaranır, bu ölkələrdə xidmət kommunikasiyası layihələndirilən zaman onun təmiri üçün alternativ xidmət sistemi də nəzərdə tutulub. Həmin şirkətlər istehlakçıya kompensasiya ödəməkdənsə, alternativ vasitələrlə xidməti davam etdirməyi üstün tuturlar. Bu variantda həm istehlakçı narazı qalmır, həm də şirkətin imici yüksəlir.

Yuxarıda da qeyd etdik ki, mövcud şəraitdə ölkəmizdə kommunal təsərrüfatın işlək mexanizə çevrilməsinin əsas şərtlərindən biri, hüquqi bazanın yaradılmasıdırsa, digər əsas məsələ həmin qurumların dövlət inhisarından çıxarılaraq özəlləşdirilməsidir. Bu gün həmin qurumlar, dövlətə verdiyi gəlirdən daha artığını dotasiya, subsidiya, yardım, müxtəlif layihələrin və islahatların həyata keçirilməsi adı ilə büdcədən alaraq, "yağ içində böyrək kimi" yaşamaqa öyrəşiblər. Məhz bu səbəbdən də, əhalinin böyük bir qismi ölkədə göstərilən kommunal xidmətlərdən tam narazıdır. 

Sonda onu qeyd edək ki, bütün bunları Azərbaycanda reallaşdırmaq üçün bütün kommunal xidmət sahələri özəlləşdirilməli və bu sahədə rəqabət mühiti formalaşdırılmalıdır. İstehlakçının hüquqlarını tam şəkildə qorumaq üçün hüquqi baza yaradılmalıdır. Ölkədə qanunun aliliyi təmin edilməli - "qanun şahdır" prinsipi reallaşdırılmalıdır.