Azərbaycanda məmur özbaşınalığı davam edir

22:16 04-10-2019 70

Tapdıq Abbas: "Məmurlar müstəqil mətbuatın inkişafına mane olur"

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasla ölkə gündəmində olan bəzi məsələlər barədə söhbət etdik. Söhbətin oxucular üçün də maraqlı olacağını nəzərə alıb dərcini qərara aldıq.

 - Tapdıq bəy, son vaxtlar ölkədə bir sıra qeyri-adi hadisələr baş verib. Millət vəkili R. Cəbrayılov mandatını girov qoyub pul götürüb, məsələ ictimailəşəndən sonra istefa verib. Çingiz Qənizadənin qardaşları da eyni hərəkətə yol veriblər. Sizcə, bunlar niyə baş verir?

  - Zaman-zaman öz qazancları naminə durumu gərginləşdirən məmurların, deputatların, bankirlərin və digərlərinin pis əməllərinin nəticələri üzə çıxır. İndiyə qədər xalq, media rüşvətlə deputat təyin olunanların əməllərindən sadəcə, danışırdı, yazırdı, indi isə onlar üstü açılan iyrənc əməllərinin rüsvayçı nəticələri qarşısında təslim olur. Rüşvətxor, korrupsioner deputat-biznesmenlərin çoxunun bundan sonra da bu tipli bəd əməllərinin üstünün açılmasının şahidi olacağıq, səbirli olun. Atalar deyib ki, cidanı çuvalda gizlətmək olmaz. İndiyə qədər bir çox əməllərinin üstünü ört-basdır edə biliblər, amma indi zaman hökmünü verir və arxada çirkin əməllə məşğul olub, üzdə həyasızcasına danışanların maskaları cırılır. Rəfael Cəbrayılovun və Çingiz Qənizadənin qardaşlarının, yaxın qohumlarının çirkin əməlləri barədə redaksiyamıza xeyli materiallar daxil olub. Bu yaxınlarda R. Cəbrayılovun qanunsuz hərəkətləri barədə ictimaiyyətə geniş materiallar təqdim edəcəyik. Bir vacib məsələni də qeyd edim ki, Milli Məclisdə əyləşən deputatların arasında R. Cəbrayılov, Ç. Qənizadə kimilərinin sayı çoxdur.

Yaxın zamanlarda belələrinin bir neçəsinin adlarını mətbuatda açıqlayacağıq, hələlik bizdə olan materiallar araşdırılır. Araşdırmalar nəticəsində məlum olub ki, MM üzvlərinin əksəriyyətinin vəziyyəti yaxşı deyil. Bilirsiniz, mandatı satın alan deputata verdiyi rüşvəti çıxarmaq və əlavə qazanmaq üçün qanunla qadağan olunan işlə, biznes fəaliyyətilə məşğul olmağa icazə veriblər, onlar da bundan maksimum istifadə edir. MM-də oturan deputatların əksəriyyətinin mandatı satın aldıqları heç kimə sirr deyil. Ona görə də deputatların ölkədə məşğul olduqları çirkin əməllər, törətdikləri ağır cinayətlər, mənimsədikləri külli miqdarda dövlət vəsaitləri barədə faktlarla tanış olduqca, adam dəhşətə gəlir. Dövlətin qanunlarının keşiyində duran, mülkiyyətini qorumalı olan yüksək vəzifəli şəxslərin müşahidəçi kimi hərəkət etməsini, baş verən cinayətlər barədə heç bir tədbir görülməməsini başa düşmək çox çətindir.

- Sizcə, cənab prezident MM üzvləri arasında baş verən bu biabırçılığa necə, reaksiya verəcək?

- Düşünürəm ki, yəqin, MM üzvlərinin pis əməllə məşğul olanlarının, lakin adları ictimaiyyətə məlum olmayanlar da daxil olmaqla, hamısının adı cənab prezidentin masasının üzərindədir. Ehtimal edirəm ki, yaxın gələcəkdə, hətta cənab prezident Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam da imzalaya bilər.

- Tapdıq bəy, beyləqanlılar indi də Sizi özlərinin deputatı hesab edirlər və iddia edirlər ki, Milli Məclisə II, III, IV çağırış keçirilən seçkilərdə 81 saylı Beyləqan seçki dairəsində iştirak etmisiniz. Seçkilərdə qalib gəlməyinizə baxmayaraq, mandat Novruz Quliyevə, Səfər Məmmədova və Ayaz Quliyevə satılıb.

- Beyləqanlılar doğru deyir. 2000, 2005 və 2010-cu ildə keçirilən parlament seçkilərində böyük üstünlüklə qalib gəlmişəm. 2000-ci ildə mandatımı Beyləqanla heç bir əlaqəsi olmayan, rayon əhalisi üçün yad bir adama, akademik Cəlal Əliyevin çemodanını gəzdirən Novruz Quliyevə satdılar. 2005-ci ildə "Azadlıq" blokunun namizədi olaraq, seçkidə qalib gəldim, bu dəfə də mandatı orta təhsilli, YAP-ın namizədi, savadsız Səfər Məmmədova verdilər. 2010-cu ildə də, seçkini udduğum halda, mandatı Qaçqın və Köç-künlərə yardım fondunun dələduz rəhbəri Ayaz Quliyevə (oğlu Quliyev İsmayıl Ayaz oğlu da silahla avtomobildən iki xanıma atəş açıb cinayət törətmişdi, pul alıb həmin cinayətin üstünü örtdülər) özünün dediyinə görə, 5 milyon manata satıblar. 2015-ci il seçkilərində isə, mandatı yenə də rayon əhalisi ilə heç bir əlaqəsi olmayan, Bakıda yaşayan, gənclər təşkilatının sədri Şahin İsmayılova veriblər. Namizədliyimi verib qeydiyyatdan keçsəm də, demokratik seçki mühiti olmadığına görə, seçkidə sonadək mübarizə aparmadım.

Yəni gördüklərimiz və dediklərimizdən də aydın olduğu kimi, Azərbaycanda bütün seçkilərdə iştirak edən şəxs kimi, bildirirəm ki, müstəqillik illəri ərzində Milli Məclis heç zaman azad, demokratik, şəffaf seçki yolu ilə formalaşmayıb. Ona görə də görün, MM-ə təyin olunan deputatlar hansı oyun qalmayıb ki, içindən çıxmasınlar?...

- Rövnəq Abdullayevin qoluzorlu qoçuları özünə ev tikən qaziyə imkan vermədiklərinə görə, Qarabağ qazilərilə əlbəyaxa davaya çıxıblar. Qanunlar işləmir ki, problem zor müstəvisində həll olunur?

- SOCAR rəhbərinin dövlət içində özünə qanunsuz dəstə saxlaması ictimaiyyətə çoxdan məlumdur. Bu barədə mətbuat çox yazıb. Qazilərlə davanın əsas səbəbinə gəlincə isə, bu dava rüşvət davasıdır. Bakıda icra hakimiyyətinə, polisə, bələdiyyəyə rüşvət vermədən, daşı-daş üstə qoymağın mümkün olmadığı hər kəsə yaxşı məlumdur. Bu dəfə ev tikilən yer SOCAR-ın ərazisi olduğuna görə, dediklərinə əsasən, onlar da tikinti aparan şəxsdən 10 min manat pul istəyiblər, pulu ala bilmədiklərinə görə, dəstə yığıb dava ediblər. Ölkədə rüşvət böyük güc, hökm sahibidir. Rövnəq Abdullayev ölkədə xüsusi statusa malikdir, ona heç kimin gücü çatmır. Ölkənin əsas sərvəti sayılan neft-qaz onun əlində cəmləşib. Ölkədəki yüksək vəzifəli şəxslərin bir çoxu Rövnəq Abdullayevin yanında gözükölgəli, başıaşağı, dili gödəkdir. Xalqa məxsus olan neft pulunun bölgü və paylanma siyahısı Rövnəq Abdullayevin əlindədir. Ona görə də heç kim SOCAR şefinə "gözün üstə qaşın var", deyə bilmir.

  - Prezident, adətən belə şeyləri heç kimə bağışlamır.

  - Təbii ki, cənab prezident bu cür hallara qarşı çox sərt qərar qəbul edir. Əgər qazilərin döyülməsi məsələsini prezidentdən gizlətməsələr, məlumatı vaxtında və doğru çatdırsalar, münaqişənin səbəbləri ciddi araşdırılacaq və mütləq müvafiq cəza tədbiri görüləcək. Etiraf etmək lazımdır ki, bəzi hallarda qazilərdən öz məqsədlərinə nail olmaq üçün istifadə edənlər də olur. Nəticədə bu cür xoşagəlməz hallar baş verir. Ona görə də məsələ müstəqil, heç kimin tərəfini tutmayan mütəxəssislər tərəfindən araşdırılmalıdır. Nəhayət, qazilik qanunu pozmağa icazəli olmaq deyil. Hər kəs qanunun tələbini gözləməyə borcludur.

- Bəy, ölkədə mətbuatın durumu necədir, qəzet redaktoru kimi, vəziyyət sizi qane edirmi?

- Təbii ki, digər ölkələrlə müqayisədə, mətbuatın durumu heç kimi qane etmir. Amma ölkəmizdə mətbuatın maddi-texniki bazasının inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına, onların peşəkarlığının artırılmasına diqqət yetirilməsi, jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşmasına yönəlik son illər cənab prezident tərəfindən göstərilən diqqət təqdirəlayiqdir.

Bununla yanaşı, hazırda ölkənin müstəqil mətbuatının ən böyük problemi reklam təminatının olmamasıdır. Hakimiyyətə yaxın olmayan mediaya heç kim reklam vermir. Reklam vermək istəyənlər isə, öncə hökumət qəzeti olmağımızla maraqlanır. Müs-təqil qəzet sözünü eşidən kimi, telefonu qapadırlar. Ölkədə qəzet satışının təşkili çox pis vəziyyətdədir. Bakı şəhərində qəzet köşkü adına fəaliyyət göstərən bütün obyektlərdə qəzetin satılmasına əhəmiyyət verən yoxdur. Elə köşklər var ki, gələn qəzet bağlamalarını açıb qəzeti heç vitrinə qoymurlar. Redaksiyanın işinə mane olan belə xeyli problemlər qalır. Redaksiyanın istehsal edib satışa çıxardığı qəzet satılmırsa, kollektiv necə yaşaya bilər?

Mətbuatın başqa bir böyük problemi ölkənin məmur korpusunun tənqidi mətbuata mənfi münasibət göstərməsidir. Ölkədə rüşvətxor, korrupsioner məmurların çirkin fəaliyyətini əks etdirən tənqidi yazılar yazmaq, onların pis işlərinin üzərinə işıq salmaq, hakimiyyəti tənqid edən materiallar dərc etmək pis iş sayılır, bunlara yuxarıda yaxşı iş kimi baxılmır. Rüşvətxor məmurlardan yazan kimi, bəzi vəzifəli şəxslər onların müdafiəsinə qalxır, mətbuatın işinə müdaxilə edirlər, məmurun əməlini tənqid və ifşa edən yazıların internet saytından çıxarılmasını bəzən hədə ilə tələb edirlər. Bu hallar ölkədə müstəqil mətbuatın dördüncü hakimiyyət rolunu, təbii olaraq, azaldır.

Söhbət etdi: Şahnaz Salehqızı