Adı rüşvətlə hallanan xəstəxana rəhbəri: "Məni narahat etməyin!"

10:52 07-10-2019 40

"9 yaşlı övladım Məhərrəmov Vaqif Elşən oğlu anadangəlmə şikəstdir. Əlillik dərəsinin təyini üçün Göyçay Uşaq poliklinikasına müraciət etdim. Bu idarə Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) baxır. Odur ki, xəstəxananın baş həkimi Elçin Bilalov Uşaq poliklinikasına da rəhbərlik edir. E.Bilalov oğlumun əlillik dərəcəsinin təyini üçün bizdən 3000 manat pul istədi".

Bunu Göyçay şəhəri Səyyaf Xəlilov küçəsi, döngə 1, ev 3-də kirayə yaşayan Günay Məhərrəmovanın yazdığı məktubda bildirib. Baş həkimin rüşvət istədiyi iddia edən şikayətçi oğlunun səhhətində ciddi problemlər oldunu qeyd edib: "Doğuş zamanı həkim səhlənkarlığı nəticəsində balamın boynu çıxıb. Onda qavrama, dərketmə funksiyasının geriliyi, hər iki əlində hərəkət məhdudiyyəti var. Tam danışa bilmir. Uzun müddət müayinə və müalicə etdirsək də, sağalmır. Bakıda fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında dəfələrlə müalicə alıb. Həkim Aygün Məstanova bizə dedi ki, bu xəstəliyə görə övladınıza əlillik təyin dərəcəsi təyin edilməlidir. E.Bilalov bizdən rüşvət istədiyi üçün lazım olan sənədi ala bilmədim".

G.Məhərrəmova məktubda sosial vəziyyətinin çox ağır olduğunu da yazıb: "Həyat yoldaşımın maaşı kirayə puluna və yeməyimizə güclə çatır. İmkanımız az olduğu üçün xəstə oğlumun müalicəsini davam etdirə bilmirik. Çox acınacaqlı vəziyyətdə yaşayırıq".

Şikayətçi dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də, nəticəsinin olmadığın bildirib: "Qayda-qanun necə tələb edirsə, o yolla da mənim balama əlillik dərəcəsi təyin edilsin. Tək istədiyim ədalətli qərar çıxarılmasıdır".

Şikayətlə bağlı Göyçay MRX-nın baş həkimi Elçin Bilalovla əlaqə saxladıq. Açıqlama verməkdən imtina edən baş həkim suallara cavab olaraq, sadəcə bunu bildirdi: "Bu şikayəti kimin düzüb-qoşduğu yaxşı bilinir. Xahiş edirəm, məni narahat etməyin. Siz yaxşı olar ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət edin. Ya da elə yerli icra hakimiyyətindən öyrənin. Zəng edib, məni narahat etməyin".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənmək istədik. Dəfələrlə cəhd etsək də, qurumun mətbuat katibi ilə əlaqə saxlamaq mümkün olmadı.

Lakin Göyçay Rayon İcra Hakimiyyətinin İnformatika sektorunun rəhbəri Nicat Musayev bildirdi ki, məsələ araşdırılır, nəticəsi ilə bağlı mətbuata açıqlama veriləcək.

Onu da bildirək ki, bir neçə ay öncə Göyçay ragon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalovun xəsdəni döyməsi ilə bağlı biabırçı videosu yayılmışdı.

Mənbə AFN.az