Gülüşlərlə dolsun, qoy yaxınlar, uzaqlar...

19:17 07-10-2019 35

Nigar Orucova 

Onların hamısının bir adı var. Hamıdan fərqli, hamıdan səmimi, sözün doğrusunu danışan, danışanda gözünü qırpmadan adamın düz üzünə-gözünə baxan, bəzən tələsə-tələsə, bəzən də çox ləng, sözləri baş-ayaq, yanlış deyə-deyə, bütün bunlarla bərabər, səhvləri, doğruları ilə mükəmməl olan varlıqlar.

Onlardan ötrü bütöv bir dünya quran, onlar üçün “dünya”sını dağıdanlar da olub hər zaman.

Adamlar var biriylə kifayətlənməyib dünyanı hər rəngə boyamaq, onu zənginləşdirmək üçün şirin-şəkərlər, məsum simalar, şaqraq gülüşlər bəxş edib cahana.

Beləcə, dünyamız canlanıb, ilkin mənasında təmizliyin, saflığın təcəssümü kimi yaranıb. Davamında nəyin necə, hansı formada, rəngdə, ahəngdə olmasına rəğmən, məsumiyyətdən yaranıb dünyamız.

Hamısının bircə adı var indi. Tanısaq da, tanımasaq da, eyni adla çağırır, sanki bir ailənin üzvləriymiş kimi, eyni münasibət bəsləyirik onlara. Yeganə varlıqlardır ki, onlara münasibətdə eyni hissin, duyğunun, sevginin, mərhəmətin, məhəbbətin sahibiyik. Bu hisslərlə onları dindiririk, eyni duyğularla yaşayırıq, vahid sevgiylə yanaşırıq, sonsuz mərhəmətlə baxırıq, böyük məhəbbətlə sevirik!

Bəli, onlar bu gün eyni adlı, təmiz ürəkli varlıqlardır ki, dünyanın şərdən xilası üçün bəxş edilib hamımızın evinə. Qapımızı döyən barmaqlarının inciməməsi üçün öncə qapını, sonra isə qucağımızı açmışıq. Taybatay açılan qapıdan bir saf niyyətin, böyük bir gələcəyin, qurub-yaradan birinin girdiyinə əmin olmuşuq. Sevinmişik, onun məhz bizi seçdiyinə duyğulanmışıq. Fərəhdən qəlbimiz köksümüzə sığmayıb. Ruzisi özündən öncə gələn varlığın bizim də bərəkətimizi artırdığına, çoxaltdığına inanmışıq.

Bu gün onların hamısı bir adla çağrılır. Sabahsa onların hər biri fərqli-fərqli sahələrin mütəxəssisləri, aparıcı şəxsləri, insanlara şəfa verən, həyatı öyrədənlər olacaq. Gələcəyinə böyük ümidlərlə baxdığımıza, dünyanı pisliklərdən arınmağı gözlədiyimizə gələcəkdə də şər niyyətli olmağı yaraşdırmırıq. İndilikdə onların mahiyyəti də yalnız bundan ibarətdir - saflıqdan, təmizlikdən.

Heç kim onlara gələcəyin dağıdıcısı, qatili, bədxahı kimi baxmır. Hamı onları bir qəhrəman kimi görür özlüyündə.

Özlüyündə onların hamısı bir qəhrəmandır. Gü-nümüzün qəhrəmanı. Onlardan doğruçu bir qəhrəman yaratmaq da elə bizim, hər birimizin öz əlindədir. Onlara dünyanı vermək istəyiriksə, onlar gəlişiylə bütöv bir dünyanı bizə veribsə, hər birimizə bu böyük, nəhayətsiz cahanı bambaşqa rəngdə görməyi nəsib edibsə, onlara yalnız bu əbədiyaşar misraları arzulamaq yetər:

Dolsun gülüşləriylə
Qoy, yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar...

P.S. “Bizim uşaqlar haqqında da yazın” deyən valideynlərə xitabən...