Harada qəzetçi görürəm, qorx(m)uram

19:19 07-10-2019 40

Yusif Seyid

"Məşədi, bir onca manat ver, Rüstəm bəyi qəzetimdə rüsvayi-cahan edim"

Son dövrlərdə İnformasiya Kommunikasiya Texnologiyalarının həyatımızın bütün sahələrinə müdaxiləsi, həm də həyatımızı intensivləşdirib. İnsanlar da sanki robotlaşıb. İKT-nin daha çox tətbiq olunduğu sahələrdən biri də qəzetçilikdir.

Bu gün elə jurnalistlər də var ki, illərdir əlinə qələm dəyməyib. Qəzetçilikdə kompüter texnologiyalarının istifadəsi nəticəsində informasiyanın əldə olunması və yayılması prosesləri də xeyli aktivləşib. Bu gün artıq jurnalistin çalışdığı otaqdan bayıra çıxmasına belə, ehtiyac yoxdur. O, istədiyi informasiyanı elə otağındaca əldə etmək imkanına malikdir. Məhz buna görə də, bəziləri iddia edir ki, artıq çap mediasının dövranı sona çatıb və elektron media bütün sahələrdə onu üstələyir. Buna heç bir etirazımız yox, qoy belə olsun. Bununla belə, qeyd etmək lazımdır ki, çap mediası mövcud olduğu bütün dövr və zamanlarda cəmiyyətdə baş verən proseslərə ayna tutaraq, bir növ onun inkişafına və tərəqqisinə xidmət edib.

Lakin çox təəssüf ki, bu gün çap mediasında özünün yerini və təyinatını tapa bilməyən bəzi jurnalistlər( bəzən adamın onlara jurnalist deməyə belə, dili gəlmir ) elektron media sahəsinə transfer edərək, indi də bu məkanda  "at oynadırlar". Burada ən pis tendensiya odur ki, həmin jurnalistlər əllərinə düşən imkandan yararlanaraq, bəzən heç bir əsası olmayan informasiyaları dövriyyəyə buraxaraq, bəzilərini hədəfə alır və bu yolla da öz yaşamlarını təmin edirlər. Bu, bir tərəfdən məmurların qanunsuz fəaliyyətlərindən ortaya çıxırsa, digər tərəfdən də jurnalistlərin yaşam səviyyəsinin aşağı olmasından qaynaqlanır.

Bu da danılmaz faktdır ki, bu gün Azərbaycan çap mediasının heç bir kənar yardım olmadan sərbəst və azad fəaliyyət göstərməsi mümkün deyil.

Medianın funksiyalarını və imkanlarını yaxşı bilən sahibkarlar, məmurlar (məmurlar ona görə deyirəm ki, ölkəmizdə sahibkar dedikdə ilk növbədə məmur yada düşür), nə də bir başqaları, mediaya yardım etməzlər ki, gedin mənim çatışmazlıqlarımı aşkar edin və ictimailəşdirin.

Bu sahədə yeganə istisna "jurnalistlər mənim dostlarımdır "deyən dövlətimizin başçısı İlham Əliyevdir ki, həm medianın inkişafına, həm də jurnalistərin həyat rifahının yüksəlişi üçün hərtərəfli yardım və dəstək göstərir.

Dövlət başçımızdan fərqli olaraq, bəzi dövlət məmurları onların fəaliyyətindəki qanunazidd əməlləri ictimailəşdirən jurnalistlərə düşmən gözü ilə baxırlar. Bu da səbəbsiz deyil. O məmurlar jurnalistərə düşmən kimi yanaşır ki, özü törətdiyi əməlləri ilə bu xalqa, dövlətə düşmən kəsilib və əməllərinin ictimailəşəcəyindən qorxaraq, jurnalistlərdən qaçırlar. Bunun da başlıca səbəbi məmurun dövlət tərəfindən onun qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsi, eyni zamanda dövlət başçımızın etimadını doğrultmaq əvəzinə, qohumbazlıq, yerlibazlıq bir yana, tutduğu vəzifəsindən sui-istifadə edərək talançılıqla, korrupsiya və rüşvətxorluqla məşğul olmasıdır.

Bütün bu faktları araşdıran və ictimailəşdirən jurnalist də olur məmurun düşməni. Belədə istər-istəməz fikirləşirsən ki, Dövlət başçı dost adlandırdığı jurnalistləri özünə düşmən hesab edən məmurun Prezidentə münasibəti səmimi ola bilərmi?

Bir müddət sonra həmin məmurun bütün fəaliyyəti cəmiyyətə faş olur və jurnalistin haqlı olduğu ortaya çıxır.

Elə məmurlar da var ki, bəzi dırnaqarası jurnalistlərlə müəyyən aylıq haqq müqabilində separat razılaşmalara gedir, bununla da bir qədər mediadan sığortalanmış olur. Həmin jurnalist isə artıq məmurun müdafiəçisinə çevrilir. Bu barədə istənilən qədər informasiyalar var və hətta ad da çəkmək mümkündür.

Bütün bu pisliklərə səbəb isə ölkədə azad və müstəqil mətbuatın olmamasıdır.

Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi bütün diqqət və qayğıya baxmayaraq, ölkə mətbuatı nədənsə, azad və müstəqil ola bilmir, yaxud da hansısa səbəbdən istəmir. Necə deyərlər, bu gün Azərbaycan mətbuatına kim pul verirsə, o da musiqini (nədən yazmağı) sifariş edir. Bu isə artıq o deməkdir ki, mətbuatımız sifarişlə işləyir və sifarişçi də kim istəsə ola bilər- hökumət, məmur, sahibkar və hətta dövlətimizin inkişafını və tərəqqisini istəməyən xarici siyasi qüvvələr də - təki pul olsun. Bu isə çox təhlükəli tendensiyadır. Çünki jurnalist pulun quluna çevrilirsə, bunun qarşısını almaq çox çətindir.

Yaddan çıxarmaq olmaz ki, çap mediası bu gün də dünyanın hər yerində ictimai rəyi formalaşdıran güclü informasiya vasitəsidir. Məhz buna görə də, onu öz nəfsinin qurbanı olan məmurların yeminə çevirmək olmaz. Bu gün dövlətin, xalqın sərvətlərini talayaraq milyonlara sahib olan məmurlar da var ki, qarşısında qula çevirdiyi jurnalistlər vasitəsi ilə hətta dövlətçiliyimizə də təhlükə yarada bilərlər. Bütün bunların qarşısının alınmasının bir yolu var - jurnalistlərin məmurlardan asılılığını aradan qaldırmaq. Bunun üçün ilk növbədə məmurların media sözünə yanaşmasında ciddi dəyişikliyə nail olmaq lazımdır. Məmur nə mediadan qorxmalı, nə də media təmsilçilərini qorxutmalıdır. Media o zaman cəmiyyət üçün faydalı olur ki, tam azad və müstəqil olur.

Hələ 1787-ci ildə azad və müstəqil mətbuatın cəmiyyətdə rolundan danışan amerikalı siyasətçi və ABŞ Müstəqillik Bəyannaməsinin müəllifi T.Cefferson qeyd edib ki, dövlət idarəçiliyndə azadlığın və müstəqilliyin ideoloji tərəflərinin irəli çəkilməsi çox mühüm şərtlərdən biridir: "Əgər qəzetsiz bir hökumətin, yoxsa hakimiyyətsiz bir qəzetin daha vacib olduğu haqda qərar qəbul etmək mənim öhdəmə buraxılsaydı, mən heç bir tərəddüd etmədən qəzetə üstünlük verərdim".

Yəni bu gun biz, azad və müstəqil Azərbaycan dövlətinin inkişafını və tərəqqisini istəyiriksə, mətbuatın da azad və müstəqil olması üçün çalışmalıyıq və onu məmurların ambisiyalarına qurban verməməliyik.